Qolf Federasiyasının inzibati binasının açılışı oldu (FOTOLAR)
2 oktyabr 2013 17:56

Bu gün Azərbaycan Qolf Federasiyasının və Qolf Akademiyasının inzibati binasının açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, açılış mərasimində Olimpiya çempionları, Milli Məclisin deputatları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə bildirilib ki, Azərbaycan Qolf Federasiyası 2012-ci ilin yanvar ayında yaradılıb. Federasiyanın əsas missiyası Azərbaycanda idman növü olaraq qolfu inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirməkdi. Eyni zamanda, Azərbaycanda həvəskar və peşəkar qolf çempionatlarının keçirilməsi, məktəblərdə bu idman növü ilə bağlı təlimlərin təşkili, eləcə də qolf meydançalarının yaradılması federasiyanın əsas hədəflərindəndi. Yalnız 1900 və 1904-cü illərdə Yay Olimpiya Oyunları zamanı qolf üzrə yarışlar təşkil edilmiş, daha sonra bu proses dayandırılmışdır. Daha sonra qolf 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunları proqramına daxil edilmişdir.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının iştirakı ilə bir neçə gün əvvəl Qubada regionun ən böyük qolf meydançası açılıb. Bu, Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində həyata keçirilən köklü islahatların nəticəsidi. Bu islahatların bölgələri də əhatə etməsi nəticəsində ölkəmizdə idmanla məşğul olanların sayı sürətlə artır. İndi regionlarda müasir idman infrastrukturu yaradılır, yeni idman komplekslərinin təməli qoyulur.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Bakıda Qolf Akademiyasının açılışı bütün Azərbaycan üçün, o cümlədən ölkə idmanı üçün əlamətdar bir hadisədi. Nazir federasiyanın fəaliyyət göstərdiyi qısa dövr ərzində gördüyü işləri yüksək qiymətləndirib, Qolf Akademiyasının peşəkar qolfçuların hazırlanması üzrə aparıcı mərkəz olacağına əminliyini bildirib.
Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov isə çıxışında federasiyanın missiyası və hədəfləri barədə danışıbr. Vurğulayıb ki, federasiyanın əsas hədəflərindən biri 2016-cı ildə keçiriləcək növbəti Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək qolf oyunçularını yetişdirməkdi.
Sonra federasiyanın inzibati binasına baxış olub. Məlumat verilib ki, ümumi sahəsi 2 min 400 kvadratmetr olan Qolf Akademiyası binasının tikintisinə 2012-ci ilin aprelindən başlanılıb. Binanın tikintisi zamanı Avropanın aparıcı qolf akademiyalarının təcrübələrindən istifadə olunub. Binada yeraltı parkinq, soyunma otaqları, duş, iki qolf simulyator otağı və kafe fəaliyyət göstərir. Akademiya ərazisinə 2 qolf simulyator daxildir. “Sport Coach Systems” şirkətinin istehsalı olan bu simulyatorlarda dünyadakı ən aparıcı qolf sahələrinin xəritələri var. Bu simulyatorlar 130 virtual qolf meydançasında qolf oynaya imkan verir.
Akademiyanın ərazisində, həmçinin “Championship 8 hyole mini qolf” konsepsiyasında dizayn edilib və son nəsil sintetik ot örtüyündən ibarət qolf meydançası yerləşir. Meydançada PGA (Professional Golf Association) dərəcəli instruktorlar maraqlananlara qolf təlimləri keçir. Bundan əlavə, akademiyanın meydançası qolf oynamaq istəyənlər üçün açıqdı.
Meydançanım ümumi sahəsi 14 min kvadratmetrdir ki, onun 6 min 700 kvadratmetr Hollandiya istehsalı olan sintetik otla örtülüb. Ümumilikdə kompleksin dizaynını Hollandiyanın dünyaca məşhur “Europen Golf Group” şirkəti hazırlayıb. Meydançanın solunda qolf sevənlərin öz oyun texnikalarını təkmilləşdirmək üçün xüsusi təlim sahəsi olan “Driving range” yerləşir. Bu sahə topu saxlamaq üçün 24 metrlik xüsusi divarla əhatələnib. (Azərtac)