Azərbaycan idmançılarının Soçi-2014-dəki rəqibləri müəyyənləşdi
3 oktyabr 2013 18:23
2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında rəqs cütlükləri arasında fiqurlu konkisürmə üzrə yarışların bütün iştirakçıları məlum olub. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycanı Yuliya Zlobina-Aleksey Sitnikov cütlüyü təmsil edəcək.
Olimpiadada iştirak etmək hüququnu son olaraq Almaniyanın Oberstdorf şəhərində “Nebelhom Trophy” turnirində təsnifat keçmiş Türkiyə, Çin, Avstraliya, Yaponiya və İspaniyadan rəqs duetləri əldə edib.
Ölkələri üçün Olimpiadaya beş putyovkanı çinli Xuan Sinton-Çjen Syun, Daniel O’Brayen-Qreqori Merrimen (Avstraliya), Alisa Aqafonova-Alper Uçar (Türkiyə) cütlükləri, Yaponiya təmsilçiləri Keti və Kris Rid, İspaniyadan olan Sara Urtado-Adrian Dias dueti qazanıblar.
Beləliklə, Soçidə keçiriləcək Olimpiadada ABŞ, Kanada və Rusiyanın yığma komandaları hərəyə üç rəqs cütlüyü ilə, İtaliya, Fransa və Almaniya iki, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Ukrayna, Litva, Çin, Avstraliya, Yaponiya və İspaniya hərəyə bir rəqs cütlüyü ilə təmsil olunacaq.