Radik İsayev: Mən artıq sirr qutusu deyiləm
28 dekabr 2013 00:55
Azərbaycan idmanında bu ilin diqqətçəkən hadisələrindən biri taekvondoçu Radik İsayevin (87 kq) çıxışı oldu. Mötəbər yarışlarda ciddi təcrübəsi olmayan idmançımız ilk dəfdən DÇ-nin bürünc mükafatına sahib ola bildi. Azərbaycan çempionu olmuş İsayev azerisport.az saytına açıqlamasında bəzi məqamlara toxunub:
“Əlbəttə, məşqçi heyətimi məyus etməyib Meksikada keçirilən DÇ-yə mükafat dalınca yollanmışdım və bunu bacardım. Ölkə çempionluğu isə ili yüksək notda bitirməyə imkan verdi. Mançester Qran-Prisində isə görüşə taktiki cəhətdən düzgün yanaşmadığıma görə, ilk cəhddən məğlub oldum. Gələcəkdə səhvlərimi aradan qaldırmağa çalışacağam. Hər qələbədən sonra öz gücünə inam artır. Səhvlərdən kimsə sığortalanmayıb. Uğurun mütləq sirri yoxdur. Ancaq öz üzərində işləməklə nəticə əldə etmək olar. DÇ-də mükafat qazanandan sonra mən artıq “sirr qutusu” deyiləm. İlin ən yaxşı idmançılarının onluğunda yer almağım isə xoş sürpriz oldu. Bu, böyük şərəfdir. Yeni ildə irəliyə qaçmaq istəmirəm. Ancaq işləmək, hazırlaşmaq və nəticələrimi yaxşılaşdırmaq istəyirəm”.