Taekvondo millimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal
17 mart 2014 21:55
Taekvondo üzrə Hollandiya açıq çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, 15-16 mart tarixlərində Eyndhoven şəhərində təşkil edilmiş "Dutc Open"-ə 20 taekvondoçu ilə qatılan böyüklərdən ibarət milli komandamız vətənə bir qızıl, bir gümüş və iki bürünc medalla dönür.
Belə ki, "G2" dərəcəli turnirdə millimizin üzvü Mikayıl Əliyev (-54 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Radik İsayev (-78 kq) isə yalnız final döyüşündə rəqibdən zəif olaraq yarışı gümüş medalla başa vurub. Digər idmançılarımızdan Məhəmmədyasin İbrahimov (-58 kq) və Ayxan Tağızadə (-63 kq) gümüş medala layiq görülüblər.
Xatırladaq ki, ənənəvi olaraq 41-ci dəfə keçirilən Hollandiya açıq birinciliyində 45 ölkədən 1100-dək taekvondoçu qatılıb. Milli komanda vətənə 18 martda dönəcək.
(ATF)