Kənan Novruzov atçılığın konkur növü üzrə beynəlxalq turnirin qalibi olub
9 iyun 2014 16:28

Gürcüstanın paytaxtı Tiflis şəhərində Atçılığın konkur növü üzrə “CSİ - 1*” kateqoriyalı beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, 5-8 İyun aralığında keçirilən yarışda həmyerlimiz Kənan Novruzov da iştirak edib.
Altı ölkədən olan idmançılarla mübarizə aparan Kənan “Concorde 57” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi adını qazanıb. Yarışın Final günü FEI (Beynəlxalq Atçılıq Federasiyası) dünya çempionatına vəsiqə əldə etmək üçün də yarışan idmançımız yarışın qalibi olmaqla bu uğura bir addım da yaxınlaşıb.
Qeyd edək ki, milli komandamızın kapitanı Camal Rəhimov bir müddət öncə, Lionda keçirilmiş dünya kuboku yarışlarında uğurla çıxış edərək, artıq dünya çempionatına vəsiqəni təmin edib.