Azərbaycan 3-cü yer üçün mübarizə aparacaq

Artıq 2-ci dəfədi ki, yarışların Bakıda keçirilməsi beynəlxalq miqyasda idman ölkəsi kimi tanınan Azərbaycanda Polonu inkişaf etdirmək məqsədi daşıyır. Azerisport.az xəbər verir ki, bu ilki Beynəlxalq turnir Azərbaycan Milli Polo komandasının debütü ilə yadda qalıb.
Seçməmiz Polonun qədim növü olan çövkənlə məşğul olan oyunçulardan ibarətdir. Azərbaycanın polo komandası tarixində ilk dəfə Argentinada peşəkar məşqçilər tərəfindən təlim keçib. “Azərbaycan komandasını qarşılayın” devizi ilə keçirilən yarışda ölkəmizlə yanaşı, Argentina, ABŞ və Avropa üzrə dörd beynəlxalq peşəkar komanda iştirak edir. Yarışın açılış oyununda ötən ilki turnirin finalçıları Avropa Birliyinin Komandası ilə Argentina millisi qarşılaşıb. 1 il əvvəl həlledici görüşdə Avropa təmsilçilərinə uduzan Cənubi Amerikalılar bu dəfə qələbə qazanıblar 8:4. Günün 2-ci qarşılaşmasında isə Milli komandamız Amerika Birləşmiş Ştatları poloçuları ilə üz-üzə gəlib. Qarşılaşma boyu komandamız hesabda öndə olsa da matçın sonunda amerikalılar 2 qol vuraraq 5-4 hesabı ilə qalib gəliblər. Yarışın ikinci günü milli komandamız Argentina seçməsi ilə qarşılaşıb. Görüş Cənubi Amrikalıların 4-3 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə 2-ci oyunu da qələbə ilə başa vuran Argentina komandası Bakıda keçirilən Polo üzrə dünya kuboku-nun final oyununa vəsiqə qazanmıb. Digər finalçı isə ABŞ və Avropa seçmələri arasında keçirilən oyundan sonra məlum olub. İlk görüşdə Argentinaya məğlub olan Avropa komandası bu dəfə rəqibini 8-5 hesabı ilə məğlub edərək finalda oynamaq hüququ qazanıb.
Beləliklə yarışın final mərhələsində Argentina və Avropa komandaları qarşılaşacaqlar. Final oyunu saat 20:30 da başlaycaq. Bundan 1 saat qabaq isə Azərbaycan seçməsi ABŞ komandası ilə 3-cü və 4-cü yerin sahibini müəyyənləşdirəcək.