Fyodr Yemelyanenko Bakıya gəlir
9 noyabr 2014 00:15
Qarışıq döyüş növləri (MMA) üzrə dəfələrlə dünya çempionu, MMA-ın canlı əfsanəsi Fyodr Yemelyanenko Azərbaycana gələcək. Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənovun azerisport.az saytına verdiyi məlumata görə, Fyodr Yemelyanenko onun dəvətini qəbul edərək noyabrın 15-16-da Bakıda keçiriləcək həvəskarlar arasında Avropa çempionatında fəxri qonaq qismində iştirak edəcək.
Fyodr Yemelyanenkoyla bərabər Ümumdünya Qarışıq Döyüş novləri Assosiasiyasının (WMMAA) prezidenti Vadim Finkelşteyn də yarışının açılış mərasiminə qatılacaq.
Qeyd edək ki, WMMAA-nın fəxri prezidenti olan Fyodr Yemelyanenko ötən ilin dekabrında ilk dəfə Bakıya gəlib. Həmin zaman Yemelyanenko MMA üzrə Dünya Kubokunda iştirak edib.