Taekvondo millimiz Ukrayna səfərinə yollanır
Böyüklərdən ibarət yığma komanda Ukraynaya səfər edir. Azerisport.az xəbər verir ki, komandamız 11-12 aprel tarixlərində Xarkov şəhərində keçirilməsi nəzərdə tutulan “Ukraine Open Cup” turnirinə 10 taekvondoçu ilə yollanır.
Turnirdə Avropanın 20 ölkəsi, eləcə də ABŞ, Braziliya, Porta-Riko, Bəhreyn və Əlcazairdən olan taekvondoçular qatılacaq. Yarış Xarkov şəhərindəki “Lokomotiv” idman sarayında keçiriləcək.
Bu turnirdə komandamız 2 kişi və 8 qadın idmançı ilə təmsil olunacaq. Belə ki, kişilərdən ibarət milli komandanın böyük məşqçisi Elnur Amanov, taekvondoçulardan Ayxan Tağızadə (-68 kq) və Milad Beigi Harcheganiyə (-80 kq), qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək (-46 kq), Nurgül Çelik (-49 kq), Patimat Abakarova (-49 kq), Lazara Caridad Valdes Povea (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Darya Şkurko (-62 kq), Fəridə Əzizova (-67 kq), Marina Tedeevaya (-73 kq) şans verəcək.
Yarış G1 kateqoriyalı olduğuna görə, qalib idmançı aktivinə 10 xal artırmış olacaq və əldə edilmiş xallar, Olimpya çəkilərində çıxış edən idmançıların 2016-cı ildə Brazilyada keçiriləcək Olimpadaya qatılmaq şansını artıracaq.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Ukraynaya yollanan komanda vətənə 14 apreldə dönəcək.