Zabit Səmədov: Mükafatının bir hissəsini Silahlı Qüvvələrin Yardım Fonduna köçürəcəyəm

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Global Fighting Championship 3" turnirində qələbə qazanan K-1 döyüşçüsü Zabit Səmədov azərisport.az saytına açıqlama verib. İdmançi final görüşünə zədəli halda çıxdığını deyib:
"Çox maraqlı görüş oldu. Turnir ərəfəsində dizimdən zədə almışdım. İlk döyüşdə köhnə zədəmi yenilədim. Üstəlik, sağ əlim zədələndi. Bununla belə, finala çıxmaya bilməzdim. Uzun müddətdir bu turnirdə qalib gəlməyi arzulayıram. Finalda Danyo İlunqaya qarşı sona qədər mübarizə apardım. Fikrimcə, 3 raund ərzində güclü olduğumu sübut etmişdim. Əlavə raunda ehtiyac yox idi. Bununla belə hakimlər əlavə 4-cü raundda mübarizənin vacib olduğunu bildirdi. Yenə də sonda qalib oldum. Sizin vasitənizlə istərdim ki, mənə dəstək olan insanlara təşəkkür edim".
Zabit Səmədov son turnirdə qazandığı pul mükafatını hara xərcləyəcəyini açıqlayıb: "Pul mükafatının bir hissəsini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna köçürəcəyəm. Digər hissəsi yəqin, təlim-məşq toplanışlarına gedəcək. Uğur qazanmaq üçün hazırlıq çox vacibdir. İstirahətdən sonra yenidən məşqlərə başlayacağam".
Qeyd edək ki, idmançımız Dubay turnirində qələbə qazandığına görə 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.