Azərbaycan İtaliyaya da qalib gəlib, liderliyə yüksəldi
Binə qəsəbəsindəki “Elit Atçılıq və Polo” klubunda polo üzrə Avropa Çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışın 2-ci günü Azərbaycan milli komandası İtaliya seçməsi ilə qarşılaşıb.
Heyətindəki oyunçuların yüksək reytinqli olmasına görə, qarşılaşmaya üstünlüklə başlayan İtaliya seçməsi sonda məğlub olub. Azərbaycan komandası inamlı oyun nümayiş etdirərək rəqibini 12:6 hesabı ilə udub. Bununla da komandamız ardıcıl ikinci qələbəsini qazanıb.
Günün digər görüşündə İspaniya seçməsi İsveçrəni 8:3 hesabı ilə məğlub edib. Almaniya komandası isə İrlandiyadan güclü olub - 5:2.
Bu nəticələrdən sonra hərəyə 2 qələbə qazanan Azərbaycan və İspaniya komandaları 1-2-ci yerləri bölüşdürürlər.
Sabah (6 avqust) keçiriləcək 3-cü turda ilk olaraq meydana İsveçrə və İtaliya komandaları çıxacaqlar. Görüş saat 17:00-da başlayacaq. Saat 18:00-da isə Almaniya seçməsi İspaniya komandasını sınağa çəkəcək. Milli komandamız üçüncü oyununu saat 19:15-də keçirəcək. Azərbaycan poloçularının rəqibi İrlandiya komandası olacaq.