Azərbaycan millisindən 3-cü qələbə
Binə qəsəbəsindəki “Elit Atçılıq və Polo” klubunda polo üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yarışın 3-cü günü Azərbaycan milli komandası İrlandiya seçməsi ilə qarşılaşıb.
Görüş seçməmizin 7:4 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komandamız ardıcıl 3-cü qələbədən sonra xallarınını sayını 6-ya çatdıraraq turnir cədvəlinin vahid liderinə çevrilib.
Günün digər görüşündə ilk olaraq meydana İsveçrə və İtaliya komandaları çıxıblar. Oyun İsveçrə təmsilçilərinin aşkar üstünlüyü şəraitində başa çatıb 11:1.
Ardınca Almaniya seçməsi İspaniya komandasını sınağa çəkib. Görüş almaniyalı polo ustalarının 8:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticələrdən sonra Polo üzrə Avropa çempionatında 3 günlük fasilə yaranıb. Yarışın növbəti mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək. Sentyabrın 10-da ilk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş saat 17:00-da başlayacaq. Saat 18:00-da isə İtaliya komandası Almaniya poloçuları ilə üz-üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19:15-ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar.