Paralimpiya medalları üçün də mükafatlar açıqlandı
3 iyul 2012 19:44

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XIV Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam verib. Azerisport.az xəbər verir ki, sərəncama əsasən XIV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
- üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.