Azərbaycan paralimpiyaçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)
22 avqust 2012 13:58

XIV London Paralimpiya Yay Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar bu gün Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Azerisport.az xəbər verir ki, idmançılar Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra isə Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi və idmançılar Şəhidlər Xiyabanına gedərək şəhidlərin xatirəsini yad edib, məzarları önünə gül qoyublar.
Qeyd edək ki, avqustun 29-da Londonda XIV Paralimpiya Yay Oyunlarına start verilir. Bu yarışlarda Azərbaycanı 6 idman növü üzrə 21 nəfər təmsil edəcək. Onlardan 5-i qadındır. 2 idmançı ağırlıqqaldırma, 8 nəfər atletika, 1 nəfər üzgüçülük, 7 nəfər cüdo, 1 nəfər kaman və 2 nəfər atıcı yarışlarında mübarizə aparacaq.