Paralimpiyaçılarımız Londona yola düşdülər
24 avqust 2012 04:18

XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar bu gün Londona yola düşüblər. Azerisport.az xəbər verir ki, idmançıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanından gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov yola salıblar.
İsmayılov yolasalma mərasimində idmançılara uğurlar arzulayıb, onların ölkəmizə yeni medallar qazandırmasını dilədiyini bildirib.
Qeyd edək ki, avqustun 29-da Londonda XIV Yay Paralimpiya Oyunlarına start verilir. Bu yarışlarda Azərbaycanı 6 idman növü üzrə 21 nəfər təmsil edəcək. Onlardan 5-i qadındır. 2 idmançı ağırlıqqaldırma, 8 nəfər atletika, 1 nəfər üzgüçülük, 7 nəfər cüdo, 1 nəfər kaman və 2 nəfər atıcılıq yarışlarında mübarizə aparacaq.