İlham Zəkiyev Londonda Azərbaycana üçüncü medalı qazandırdı (YENİLƏNİB)
1 sentyabr 2012 23:40

Bu gün London Yay Paralimpiadasında cüdo üzrə yığmamızın daha üç üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bunlar Tofiq Məmmədov, Kərim Sərdarov və İlham Zəkiyev idi.
90 kq-da mübarizə aparan Tofiq Məmmədovun ilk rəqibi Braziliyadan Roberto Santos olub. Amma o, bu rəqibinə uduzaraq, mübarizəni erkən dayandırıb.
100 kq-da çıxış edən Kərim Sərdarov da startda almaniyalı Oliver Upmanı mübarizədən kənarlaşdırmağı bacarmayıb.
100 kq-dan artıq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev isə ilk görüşünü Rusiya təmsilçisi Heydər Heydərova qarşı keçirib və onu məğlub edib. 1/4 finalda o, yaponiyalı Kento Masakiyə uduzub. Amma yapon cüdoçu finala qədər irəlilədiyindən, İlham üçün bürünc medal qazanmaq şansı yaradıb. Zəkiyev bu şansdan maksimum yararlanıb. O, təsəlliverici görüşdə Toni Uolbini, bürünc uğrunda həlledici görüşdə isə braziliyalı Silvanı yenərək, medala yiyələnib.