Pronina dünya rekorduna imza atıb, Paralimpiya çempionu oldu (YENİLƏNİB)
8 sentyabr 2012 22:30

London Yay Paralimpiadası davam edir. Azerisport.az xəbər verir ki, turnirin onuncu yarış günündə Azərbaycan idmançılarından Natali Pronina növbəti sınağına çıxıb.
O, bu dəfə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülükdə qüvvəsini sınayıb. Təsnifat mərhələsində uğurla çıxış edən təmsilçimiz (1:20.09) yenə finala çıxıb.
Finalda isə Pronina daha uğurlu çıxış edib. O, 1:16.17 göstərici ilə dünya rekorduna imza atıb. Ən əsası isə təmsilçimiz nəhayət bu dəfə Paralimpiya çempionu olub. Hansı ki, bu Paralimpiadada ona qızıl medal qazanmaq nəsib olmurdu.
Xatırladaq ki, Pronina bundan öncə Londonda artıq dörd medal qazanmışdı. O, 50 metr məsafəyə sərbəst, 200 metr məsafəyə kompleks, 100 metr məsafəyə sərbəst, arxası üstə 100 metr məsafəyə üzgüçülükdə gümüş medallara sahib çıxmışdı. 400 m məsafəyə sərbəst növlə üzgülüçükdə isə beşinci yerlə kifayətlənmişdi.