Prezident İlham Əliyev Paralimpiyaçılarımızı qəbul etdi (FOTOREPORTAJ)
15 sentyabr 2012 00:49

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XIV London Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançıları və onların məşqçilərini qəbul edib. Azerisport.az xəbər verir ki, idmançıları salamlayan Prezident İlham Əliyev geniş nitq söyləyib.
Sonra London Paralimpiya Oyunlarında uğur qazanmış idmançıların və onların məşqçilərinin mükafatlandırılması mərasimi olub. Prezident İlham Əliyev mükafatları təqdim edib.
Sonra London Paralimpiya Oyunlarında uğur qazanmış idmançıların və onların məşqçilərinin mükafatlandırılması mərasimi olub. Prezident İlham Əliyev mükafatları təqdim edib.
İkiqat paralimpiya çempionu İlham Zəkiyev çıxış edərək, ölkə başçısına minnətdarlığını bildirib: “Çox sağ olun, cənab Prezident, Allah köməyiniz olsun. Bu, bizi yeni qələbələrə ruhlandıracaq. Sizin diqqətiniz sayəsində “Qızıl çinar” mükafatından sonra məşqlərimi daha da artırdım. Olimpiya Oyunlarında hər hansı bir medal mənim üçün qələbədir. 1450 gündən sonra Rio-de-Janeyroda Sizi bundan da yüksək nəticələrlə sevindirməyə çalışacağıq”.
London Paralimpiyasının qalibi Ramin İbrahimov isə bunları dilə gətirib: “Çox sağ olun, cənab Prezident. Sizin bu diqqət və qayğınız bizi daha da ruhlandıracaq. Mən hələ Pekində üçüncü yerə çıxanda qarşıma məqsəd qoymuşdum ki, Londondan ölkəmizə qızıl medal gətirim. Buna nail oldum. Mənim ən böyük arzum idi ki, cənab Prezident əlimi havaya qaldırsın. Çox sağ olun”.
Prezident İlham Əliyev Ramin İbrahimovun əlini havaya qaldırıb.
Sonda yenə çıxış edən Prezident İlham Əliyev bunları söyləyib: “Əziz dostlar, mən sizi bir daha təbrik edirəm. Mən çox şadam ki, doğrudan da Azərbaycan idmanı artıq dünyada özünü tanıtdırıb. Azərbaycan idmanını tanıtdıran sizsiniz - olimpiyaçılarımız, paralimpiyaçılarımız, gənclər, yeniyetmələr, uşaq idmançılarımız. Biz hamımız çalışırıq ki, Azərbaycanda idman daha da sürətlə inkişaf etsin. Hamımız çalışırıq ki, ölkəmiz daha da güclənsin, daha da öz təsir imkanlarını genişləndirsin. İdman artıq dünya siyasətində də öz yerini tapıbdır. Olimpiya və Paralimpiya Oyunları elə oyunlardır, elə yarışlardır ki, burada ölkələr bir–biri ilə rəqabət aparırlar. Bu rəqabətdə Azərbaycan yüksək yerlərdədir. Bunun da səbəbkarı sizsiniz. Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram”.