Bakıda Beynəlxalq festival keçirildi (FOTOREPORTAJ)
21 may 2013 00:07

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə Gənclər və idman Nazirliyinin birgə təşkilatçılığı ilə regionda ilk dəfə olaraq Bakıda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival keçirilib. Azerisport.az xəbər verir ki, festival çərçivəsində dünyada ilk dəfə olaraq əlil arabasında idman rəqsi üzrə flaş mob keçirilib.
Festival Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin himni ilə başlayıb. Sonra tamaşaçılara paralimpiya hərəkatından bəhs edən video nümayiş olunub. Davam olaraq Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İsrail, Belarus və Qazaxıstandan olan 26 idmançı rəqqaslar öz rəngarəng nömrələri ilə dəniz kənarı Milli Parka gəzintiyə gəlmiş qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş ediblər. Festivalda gənc müğənnilər idmançılara dəstək olaraq öz musiqi nömrələri ilə çıxış ediblər.
Festivalda əlil arabasında idman rəqsinin Paralimpiya Oyunlarına daxil edilməsi məqsədilə iştirakçılar adından Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov tərəfindən imzalanıb və Beynəlxalq Paralimpiya Komitəsinə ünvanlanmış müraciət oxunub. Dünya Paralimpiya idmanında öz dəstixətti olan ikiqat Paralimpiya çempionu, ikiqat dünya çempionu, dördqat Avropa çempionu, Şöhrət ordenli, Heydər Əliyev Fondunun "Qızıl Çinar" mükafatının laureatı cənab İlham Zəkiyev çıxış edərək festival iştirakçılarına dəstək olduğunu bildirib. Festivalın sonunda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov festival iştirakçılarına Milli Paralimpiya Komitəsinin xüsusi diplomlarını təqdim etdi. (Milli Paralimpiya Komitəsi Mətbuat Xidməti)