Ramin Əzizov: Son bir ili zədə üzündən buraxdığıma görə, Rioya getmək haqda danışmaq düz olmaz

Avropa çempionatında gümüş və bürünc, dünya çempionatında bürünc medal qazanmış Ramin Əzizov (80 kq) son vaxtlar kölgəyə çəkilib. Milad Beiqi Harçeqani yığmaya cəlb edildikdən sonra “1 nömrə” statusunu itirən Əzizov indi əvvəlki mövqeyini qaytarmağa çalışır. Gələn ayın ortalarında İsveçrədə keçiriləcək Avropa çempionatında qüvvəsini sınayacaq Əzizov azerisport.az-ın suallarını cavablandırdı.
- Deyəsən, telefon nömrəni dəyişmisən.
- Yox. Sadəcə, mənim prinsipim belədi ki, nüfuzlu yarışlar ərəfəsində diqqətimi yayındırmamaq üçün telefondan istifadə etmirəm.
- Son yarışda öz çəkində yox, yuxarı kateqoriyada döyüşməyinin səbəbi nə idi?
- Elə ayağım sınandan yuxarı çəkidə döyüşürəm. Ötən ilin yanvarında məşqdə ağır zədələndim. Daha sonra sentyabrda yenə eyni yerdən ayağım sındı. O zaman dedilər ki, 2-ci zədənin əmələ gəlməsində çəki azaltmağımın rolu olub. Çünki kalsium itirdiyim üçün sümük yumşalmışdı. İkinci zədədən sonra daha çox vitaminlər qəbul etməyə başladım. Yenidən özümə gəldim. Həkimlərin də rəyi əsasında bu Avropa çempionatında doğma kateqoriyada - 80 kq-da çıxış etməyi planlaşdırıram. Almaniyadakı turnirdə Milad Beiqi Harçeqani uğur qazandığı üçün qitə birinciliyində bu çəkidə 2 idmançıyla təmsil oluna bilərik.
- Qısa müddət ərzində 2 dəfə zədələnməyin motivasiyanın həddən çox olmasından və məşqlərdə özünü yükləməyindən qaynaqlanır?
- Yox. Taekvondoda bu tip zədələr çox olur. Daim kontaktda oluruq deyə ayaq və diz zədələri qaçılmazdır. Bu hər hansı diqqətsizliklə bağlı deyil. Az öncə də dediyim kimi, çəki atdığım üçün sümüyüm kövrəkləşmişdi. Nəinki məşqdə, yarışda, hətta pilləkəndən düşəndə də ayağın sına bilər.
- Bunun xroniki zədəyə çevrilməsi səni narahat etmir?
- Qətiyyən. Bundan qorxsaydım, karyeramı davam etdirməzdim.
- Avropa Oyunlarına kənardan baxmaq sənə necə təsir etdi?
- Sözsüz, Bakı-2015-də döyüşməyi çox istəyirdim. Düzdü, o zaman məşqlərə qoşulmuşdum. Ancaq etiraf edim ki, yarışa tam hazır deyildim. Formada olmadığım üçün mənim yerimə Milad Beiqi Harçeqani döyüşdü. Şükürlər olsun ki, həm o, həm də digər komanda yoldaşlarım ümidləri doğrultdu. Həm idmançı, həm də azarkeş kimi qazanılan medallara görə qürur duydum. Sanki qalib gələn mən idim. Yəni o qədər sevinirdim.
- Miladın 1-ci yeri tutması mövqeyini itirmək baxımından səndə narahatlıq yaratdı?
- Yox. Jurnalistlərin bu sualları olmaya da (gülür). Güclü onsuz da güclüdür. Mən güclüyümsə, başqa şeylər önəmli deyil. Güclü olduğuma inanıram. İdmançının vəzifə borclarından biri də gücünə əmin olmasıdır. Gücünə inanmırsa, döyüş meydanında nə işin var?
- Avropa çempionatında prinsipial rəqiblərin kimlər olacaq?
- 80 kq-da bir çox taekvondoçuyla döyüşmüşəm. Əksəriyyətinin nəyə qadir olduğunu bilirəm. Bu, elit çəki sayılır. Burda zəif rəqib yoxdur. Əvvəllər kimisə fərqləndirmək mümkün idi. Ancaq konkret kimin daha güclü olduğunu söyləmək çətindir.
- “İki qoçun başı bir qazanda qaynamaz” deyiblər. Miladla necə yola gedirsən?
- Onunla çox yaxşı münasibətlərimiz var. Hətta bunu normal yox, əla kimi qiymətləndirə bilərəm. Cənubi Azərbaycandan olduğu üçün dilimizdə sərbəst danışır. Ünsiyyətlə bağlı hər hansı problem yoxdur.
- Reza Mehmandostun bir baş məşqçi kimi fərqi, üstünlüyü nədədir?
- Əvvəlki çalışdırıcıyla yerlə göy qədər fərq var. İranlı mütəxəssisin işinə yarışlardakı nəticələrə baxaraq qiymət vermək olar. Çox savadlı məşqlər keçir. İdmançını həm fiziki, həm taktiki, həm də psixoloji baxımdan çox gözəl hazırlaşdırır. Proqramı da bir-birindən fərqlənir.
- 80 kq-da lisenziyanı Milad qazanıb. Ancaq Olimpiadaya bu çəkidə sən gedə bilərsən. Rioya getmək şansını yüksək dəyərləndirirsən?
- Bilirsiz necədir? London Olimpiadasına lisenziyanı mən qazanmışdım. Çəkimdə Təvəkkül Bayramov kimi təcrübəli taekvondoçu var idi. Ancaq heç kim demədi ki, lisenziyanı sən qazanmısan, amma Olimpiya Oyunlarına başqası gedəcək. Son bir ildə zədə üzündən kənarda qalan birisi kimi, indi çıxıb nəyəsə iddia etməyim düz olmaz. Gəlin, Avropa çempionatını gözləyək. Bu yarışdan sonra baş məşqçi qərarını verəcək. Miladla aramızda sparrinq olub-olmayacağını deyə bilmərəm.
- İlk dəfə Olimpiadaya maksimum heyətlə yollanacaq. 4 taekvondoçudan kimi medala daha yaxın görürsən?
- Hər Olimpiada ərəfəsində bu sual bizə ünvanlanır. Mənə artıq elə gəlir ki, bu sual bizə düşmür. Düzdür, əlamətlərə inanmıram. Zarafatyana söyləyirəm. Açığı, bütün vəsiqə sahiblərinə inanıram. Heç vaxt bu qədər taekvondoçu Olimpiadada iştirak etməyib. Bu da yığma üzvlərinin nə qədər güclü olmasından xəbər verir.
- Lisenziya sahiblərindən yalnız Fəridə Əzizova Azərbaycan taekvondo məktəbinin yetirməsidi. Yerli idmançılarda əcnəbilərin bura gəlib Olimpiadaya bizim adımızdan yollanması qıcıq yaratmır?
- Bu sual nəinki mənə, ümumiyyətlə hansısa idmançıya yox, başqa şəxslərə ünvanlanmalıdır. Digər tərəfdən, legioner də Olimpiadada Azərbaycan bayrağı altında döyüşür. Qazandığı medal da ölkəmizin adına yazılır. Azərbaycan pasportuna sahib hər idmançının borcudur ki, Olimpiya Oyunlarında əlindən gəlməyəni belə edib vətənə medalla qayıtsın.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir