Yelena Pavluxina: Rioda çempion olmağa çalışacağam

Ölkəmizi Olimpiadada şosse velosipedinin qrup yarışında təmsil edəcək Yelena Pavluxinanın azerisport.az saytına müsahibəsi:
- Siz veloidmanın bütün növləri ilə məşğul olmusuz.
- 10 yaşımdan bu idman növünə gəlmişəm. Bütün həyatımı velosiped idmanına bağlamışam (gülür). Əvvəlcə dağ velosipedi ilə məşğul olurdumsa, sonradan şosse velosipedinə keçdim. Azərbaycanda trek növündə çıxış etdim. Sonradan federasiya rəhbərliyi mənim yenidən şosse yarışlarında çıxış etməyimi məsləhət bildi.
- Olimpiadaya lisenziyanı necə qazandız?
- Ötən ilin 31 mayından bu ilin həmin tarixinədək keçirilən yarışlar lisenziya xarakteri daşıyırdı. Mümkün qədər turnirlərdə çox xal toplamağa çalışırdım ki, reytinqdə yüksəlim. Apreldə böyük ölçüdə lisenziyanı təmin etmişdim. Çexiyada keçirilən beynəlxalq turnirin qalibi olmağım həlledici rol oynadı. Çində də xal ehtiyatımı artırdım.
- Lisenziya qazanacağınıza inanırdız?
- İnanırdım və hətta deyərdim ki, buna əmin idim. Ancaq velosiped idmanında qəti proqnoz vermək çətindi. Gözlənilməz hallar baş verə bilər.
- Olimpiya Oyunlarından nə gözləyirsiz?
- Finişə çatana qədər dəqiq bir söz söyləmək çətindi. Əlbəttə, yaxşı nəticə gözləyirəm. Özümə inanıram. Ancaq hər şey yarışa hazırlıqdan asılı olacaq. Olimpiadada iştirak yaxşı hissdi. Ancaq qalib gəlmək ondan qat-qat yaxşıdı. Mən də buna nail olmağa çalışacam. Son olimpiya çempionu Marianna Vols favoritlərdən biri olacaq.
- Braziliyada şosse velosipedi üçün müəyyənləşdirilmiş marşrutla tanış olmusuz?
- 140 km-lik marşrut boyunca hərəkət edəcəyik. İki yoxuş var. İki km qəmbərlik yol da marşrut daxilindədi. Böyük və kiçik döngələr də var. Ümumi götürəndə maşrut çətin yarışın baş tutacağından xəbər verir.
- Bundan sonrakı hazırlıq prosesiniz necə olacaq?
- Hələ qarşıda yarışlar var. İtaliyada çox prestijli yarış olacaq. Daha bir neçə beynəlxalq turnirdə və Sloveniya toplanışında iştirakım nəzərdə tutulub.
- Yeri gəlmişkən, şərəfini qoruduğun “Lyublyana” komandasına keçidin haqda nə deyə bilərsən?
- Təxminən bir il əvvəl bu keçid baş tutdu. Əslində qarşıma hansısa ciddi hədəf qoymamışdım. Ancaq elə alındı ki, komandanın liderinə çevrildim. Əlbəttə, Azərbaycan velosipedçinin belə çıxış etməsi sloveniyalıları çox təəccübləndirdi. İndi mənə daha çox inanırlar.
- Uğurlu çıxışınız Azərbaycanda qadınlar arasında bu idman növünə maraq oyada bilərmi?
- Məncə hə. Ümid edirəm ki, bundan sonra qadın veloidmanına daha çox diqqət ayrılacaq. Həmcinslərim də bu sahəyə daha çox axın edər və qadınlardan ibarət yığma formalaşdırılar.