Teymur Məmmədov: Bayrağı daşımağın idmançıya uğursuzluq gətirdiyini düşünmürəm

Teymur Məmmədov boks üzrə Azərbaycan yığmasının Rio-2016 Olimpiadasına lisenziya qazanan doqquzuncu üzvü oldu. Yığmamızın liderlərindən biri, keçmiş Avropa çempionu, dünya vitse-çempionu, London Olimpiadasının bürünc mükafatçısı bu dəfə lisenziyanı son anda rəsmiləşdirdi.
81 kq-da mübarizə aparan boksçumuzun azerisport.az saytına müsahibəsini təqdim edirik:
- Olimpiya Oyunlarına vəsiqə qazandın. Hisslərini bilmək istərdik.
- 1/4 finaldakı rəqibimin bir neçə gün öncə zədələndiyini bilmirdim. Dünən rinqə çıxmazdan əvvəl mənə dedilər ki, Hassan Saada döyüşməyəcək. Bu səbəbdən avtomatik yarımfinala yüksələrək lisenziyanı təmin etdim. Ardıcıl 2-ci dəfə Olimpiadada iştirak edəcəm. Buna görə çox xoşbəxtəm.
- Bayraqdar seçilməyin sənin üçün sürpriz oldu?
- Mən bildiyimə görə, bayraqdar olmağım bir təklif kimi səsləndirilib. Bu məsələ hələ təsdiqlənməyib. Hələ bayraqdarın kim olacağı dəqiq bilinmir.
- Özünü bayraqdar olmağa layiq bilirsən?
- Niyə də yox?! Bu, mənim üçün böyük fəxrdi. Yuxarıdan belə məsləhət biliblərsə, məmnuniyyətlə, Rio de Janeyroda bayrağımızı daşıyaram.
- Bayraqdarlarımız bir qayda olaraq uğursuzluqla üzləşir. Bunun sənə də problem yaradacağını düşünmürsən?
- Yox, mən bundan qətiyyən qorxmuram. Əksinə, sevə-sevə bayrağımızı dalğalandıraram. Rinqdə də uğurlu çıxış edib, bayrağımızı ən yüksəyə qaldırmağa çalışacam. Bayrağı qaldırmağın idmançıya uğursuzluq gətirdiyini düşünmürəm.
- Olimpiadada peşəkar boksçuların yer almasına necə baxırsan?
- Bu haqda geniş məlumatım yoxdur. Mənim üçün fərq etmir. Rinqə çıxıb, qarşıdakı boksçunun kimliyindən asılı olmayaraq öz döyüşümü nümayiş etdirəcəyəm. Ancaq onu da qeyd edim ki, 81 kq-da çox güclü boksçular var. Sevindirici haldır ki, zədəm yoxdur.
- Bu yarışdan sonra bir müddət istirahət edəcəksən?
- Yox. Cəmi 2 gün sonra ABŞ-a yollanacağıq. Orda növbəti təlim-məşq toplanışını keçəcəyik.Ola bilər ki, Olimpiadaya qədər orda hazırlıq keçək.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir