Rioda Azərbaycan bayrağı qaldırıldı

Bu gün Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya oyunlarında mübarizə aparacaq Azərbaycan idmançılarının qaldıqları atletlər kəndində bayrağımızın qaldırılma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə baş nazirin 1-ci müavini Yaqub Eyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elnur Sultanov, "İtar Tass" İnformasiya agentliyinin baş direktorunun 1-ci müavini Mixail Qusman, digər rəsmilər, federasiya prezidentləri, vitse prezidentlər, baş katiblər, idmançılar iştirak ediblər.
İlk olaraq Braziliyaının adət ənənələrini, tarixini özündə əks etdirən rəqs nümayiş olunub. Daha sonra səhnəyə Olimpiya kəndinin meri, basketbol idmanı üzrə ikiqat olimpiya çempionu Janet Alkeyn çıxıb. Olimpiya himni səsləndirilib, daha sonra mer idmançıları salamlayıb və onlara bu mötəbər yarışda uğurlar arzulayıb. Daha sonra səhnəyə Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov dəvət olunub. İlham Mədətov Azərbaycan nümayəndə heyətinin adından Janet Alkeynə simvolik hədiyyə təqdim edib. Azərbaycan himni səsləndirilib, bayrağı qaldırılıb.
Qeyd edək ki, bu gün Azərbaycanla bərabər eyni zamanda Lixtenşteyn, Kolumbiya, Çin Taypey ölkələrinin də bayraqlarının qaldırılma mərasimi baş tutub.
Mərasimdən sonra nazir Azad Rəhimov və digər rəsmilər Azərbaycan idmançılarının qaldıqları otaqlarla daha yaxından tanış olmaq üçün binada olublar. Azərbaycan idmançıları ilə bir binada Türkiyə, Sloveniya və Portuqaliya idmançıları da qalır. Nazir Azad Rəhimov və digər rəsmilər idmançılarla görüşüb, onlara uğurlar arzu ediblər. (AGİN-in mətbuat xidməti)