Orxan Səfərov medalın bir addımlığında uduzdu

Rioda Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, Olimpiadada 60 kq çəkidə mübarizə aparan cüdoçumuz Orxan Səfərov 1/16 finalda yarışmaq üçün tatamiyə çıxıb. Onun ilk rəqibi perulu Xuan Postiqos olub. Səfərov inamlı qələbə ilə 1/8 finala vəsiqə qazanıb.
Orxanın növbəti rəqibi qırğızıstanlı Otar Bestayev olub və o, ipponla qalib gəlməklə bu cüdoçunu da mübarizədən kənarlaşdırmağı bacarıb.
1/4 finalda Səfərovun rəqibi yerli idmançı - braziliyalı Felipe Kitadai olub. Amma bu rəqibinə də ipponla qalib gələn Azərbaycan cüdoçusu yarımfinala yüksəlib.
Finala çıxmaq yolunda Oxanın rəqibi Yeldos Smetov olub. Təəssüf ki, idmançımız bu rəqibinə uduzub. Səfərov bürünc medal qazanmaq şansına malik olsa da, yaponiyalı Naohise Takatoya da məğlub olub. Nəticədə, idmançımız olimpiadanı 5-ci yerdə başa vurub.
Maraq üçün qeyd edək ki, ilk dəfə Olimpiya Oyunlarında çıxış edən Orxan bütün qələbələrini anasına həsr edir və onun üçün yarışır.