Rüstəm Orucov finalda uduzdu, ilk medalımızı qazandı

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün cüdo yarışlarında yığmamızın 73 kq çəki dərəcəsində çıxış edən üzvü Rüstəm Orucov mübarizəyə qoşulub. İlk mərhələni buraxan cüdoçumuz öncə Qazaxıstandan olan Didar Hamza ilə qarşılaşıb. Rüstəm bu rəqibini məğlub edərək, növbəti mərhələyə adlayıb. 1/8 finalda o, avstraliyalı Ceyk Bensted üzərində də qələbə qazanıb. 1/4 finaldakı rəqib macarıstanlı olimpiya çempionu Mikloş Unqvari idi. Amma ona da qalib gələn Orucov yarımfinala çıxmağı bacarıb. Finala vəsiqə uğrunda israilli Saqi Muki ilə duel də idmançımız üçün uğurlu alınıb. Artıq finala vəsiqə qazanan Rüstəm Olimpiya çempionluğu uğrunda yaponiyalı ikiqat dünya çempionu Şoşei Ono ilə üz-üzə gəlib. Təəssüf ki, yalnız həlledici görüşdə uduzan Orucov Olimpiadanın gümüş medalı ilə kifayətlənməli olub.
Qeyd edək ki, bu, Azərbaycanın Riodakı ilk medalıdır.