Mehdiyev medal şansını da əldən verib, 7-ci oldu

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün 90 kq çəki dərəcəsində yarışan cüdoçumuz Məmmədəli Mehdiyev Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
İdmançımızın rəqibi Avropa Oyunlarının qalibi rusiyalı Kirill Denisov olub. Qarşılaşmanın əsas vaxtında bərabərlik qeydə alındığından cüdoçular "qızıl xal"a qədər mübarizə aparıblar. Bu vaxt kəsiyində ippon fəndi işlədən Mehdiyev növbəti mərhələyə vəsiqə qazanıb.
Növbəti rəqib braziliyalı Tyaqo Kamilo olsa da, o, bu rəqibinə də qalib gəlməyi bacarıb. Amma təəssüf ki, cüdoçumuz Məmmədəli Mehdiyev yarımfinalın bir addımlığında uduzub. Rusiya və Braziliya idmançıları ilə çətin görüşlərdən qalib ayrılan Mehdiyev 1/4 finalda koreyalı Don-han Qvakla üz-üzə gəlib. Təəssüf ki, bu mərhələdə idmançımız 4 xəbərdarlıq alaraq diskvalifikasiya olunub.
Buna baxmayaraq, təmsilçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərdə iştirak edib. Bu yolda onun ilk rəqibi monqolustanlı Otqonbator Lhaqvasuren olub. Amma idmançımız bu rəqibinə də uduzaraq, medal şansını əldən verib. Mehdiyev yarışı 7-ci yerdə başa vurub.