Elmar Qasımov da Rioda gümüş medal qazandı!

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün cüdo yığmamızın daha bir üzvü - Elmar Qasımov da mübarizəyə qoşulub.
100 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elmar Qasımov 1/8 final mərhələsinə yüksəlib. Bu mərhələdəki rəqib Layes Buyakub (Əlcəzair) olub. Amma idmançımız növbəti rəqibinə də qalib gəlməyi bacarıb.
1/4 finalda misirli Ramadan Dərvişi təmiz qələbə sayəsində keçən Qasımov yarımfinala yüksəlib. Finala çıxmaq uğrunda rəqib ukraynalı Artyom Bloşenko idi ki, ona da qalib gələn Elmar adını Olimpiadanın finalına yazdırıb.
Cüdoçumuz yalnız finalda çexiyalı Lukaş Krpalekə uduzub. Nəticədə, Elmar Qasımov da Olimpiadanı gümüş medalla başa vurub.