Azərbaycanın Rioda 4-cü medalı!

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Azerisport.az xəbər verir ki, güləş yarışlarının ikinci günündə 85 və 130 kq çəki dərəcələrində yunan-Romaçılar arasında qaliblər müəyyənləşib.
Güləşçilərimizdən Saman Təhmasibi elə ilk görüşündəcə məğlubiyyətlə üzləşib. O, Rusiyanı təmsil edən gürcü güləşçi ilə bacarmayıb. Amma Davit Çakvetadze finala qədər irəlilədiyi üçün Təhmasibi bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb. Bu yolda onun ilk rəqibi iranlı Həbibullah Comeh Axlaqi olub. Saman bu görüşü də məğlub başa vurub və medal qazanmaq şansını itirib.
Sabah Şəriəti isə ilk görüşünü ABŞ güləşçisi Robert Smitə qarşı keçirib və qalib gəlib. Amma idmançımız türkiyəli Rza Kayaalpa qarşı keçirdiyi ikinci görüşdə məğlubiyyətlə üzləşib. Qonşu ölkə pəhləvanı finala yüksəldiyindən, Şəriəti üçün də bürünc medal şansı yaranıb. Onun təsəlliverici görüşdə rəqibi Ervin Xose Karabalyo (Venesuela) olub. Bu dueldən qalib ayrılan Sabah bürünc medal uğrunda Almaniya güləşçisi Eduard Poppla üz-üzə gəlib. Həlledici qarşılaşmada da qələbə qazanan Şəriəti bürünc Olimpiadanı bürünc medalla başa vurub.
Qeyd edək ki, bu, Azərbaycan yığmasının üçüncü medalıdır. Daha öncə cüdo yığmamızın üzvlərindən Rüstəm Orucovla Elmar Qasımov gümüş medal qazanmışdı. Boks yığmamızın üzvü Kamran Şahsuvarlı da bürünc medalı təmin edib. Amma onun bu medalı qızıl və ya gümüşə çevirmək ehtimalı da var.
85 kq
1/16 final - Saman Təhmasibi - Davit Çakvetadze (RUS) - 0:3
Təsəlliverici görüş - Saman Təhmasibi - Həbibullah Comeh Axlaqi (İRİ) - 2:3
130 kq
1/8 final - Sabah Şəriəti - Robert Smit (USA) - 8:2
1/4 final - Sabah Şəriəti - Rza Kayaalp (Türkiyə) - 0:5
Təsəlliverici görüş - Sabah Şəriəti - Ervin Xose Karabalyo (VEN) - 8:0
Bürünc medal görüşü - Sabah Şəriəti - Eduard Popp (GER) - 3:0