Qərb bölgəsində Azərbaycan çempionatının birinci mərhələsi başa çatıb
21 oktyabr 2013 14:20
Oktyabrın 19-da Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkənin qərb bölgəsində velosiped idman növü üzrə ölkə birinciliyi başlamışdır. Azerisport.az qısa xülasəni diqqətinizə çatdırır.
Yarışın Şəmkir şəhərinin daxilində keçirilən birinci mərhələsi başa çatmışdır.
İlk olaraq oğlanlardan ibarət elit və U-23 kateqoriyasından olan velosipedçilər yarışmışlar. Onlar şəhər daxilində uzunluğu beş kilometr olan yolda 12 dəfə dövr etməklə, ümumilikdə, 60 kilometr məsafə qət etmişlər.
Yarışda Nicat Niftəliyev, Elgün Əlizadə və Ayxan İltifatlı müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutmuşlar.
Daha sonra U-17, U-15 oğlanların, həmçinin qızların yarışı başlamışdır. Onlar isə uzunluğu 5 kilometr olan dairəni dörd dəfə dövr edərək 20 kilometr yol getmişlər.
Bu yarışda Kənan Qəhrəmanlı birinci, Nicat Qarayev ikinci, Tərlan Məmmədov üçüncü nəticə göstərmişlər.
Bu mərhələnin qaliblərinə medal və fəxri fərmanlar təqdim edilmişdir.
Velosiped idmanı üzrə çempionat oktyabrın 21-dək davam edəcəkdir. Yarışın sonunda nəticələr toplanacaq və bütün marşrutlar üzrə müəyyən olunmuş məsafəni ən qısa vaxtda qət etmiş velosipedçilər müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görüləcəklər.
Qaliblərə AVİF və Gənclər və İdman Nazirliyi tərəfindən medal, diplom və mükafatlar təqdim olunacaqdır.