Velosipedçi gənclərin yürüşü
21 oktyabr 2013 14:35
Ölkənin qərb bölgəsində Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə velosiped idmanı üzrə ölkə birinciliyi keçirilir. Azerisport.az diqqətinizə çatdırır ki:
Oktyabrın 20-də yarışın ikinci mərhələsi keçirilmişdir. Velosipedçilər Tovuz rayonu ərazində İbrahimhacılı – Yanıqlı marşrutu üzrə qrup yarışına çıxmışlar. Bu mərhələdə elit və U-23 kateqoriyalarından olan kişi idmançılar 120 kilometr, U-17, U-15 və qızlar isə 40 kilometr məsafəni qət etmişlər.
Elit və U-23 kateqoriyasında Elgün Əlizadə birinci, Nicat Niftəliyev ikinci, Gürcüstan milli komandasının üzvü Georgi Nareklişvili üçüncü yeri tutmuşlar. U-17, U-15 və qızların yarışının nəticələrinə görə isə Bakir Dadaşov birinci, Kənan Qəhrəmanlı ikinci, Nicat Qarayev isə üçüncü olmuşdur.
Qaliblərə medal və fəxri fərmanlar təqdim edilmişdir.
Çempionat oktyabrın 21-dək davam edəcəkdir. Yarışın sonunda nəticələr toplanacaq və bütün marşrutlar üzrə məsafəni ən qısa vaxtda qət etmiş velosipedçilər müəyyənləşdiriləcəkdir. Qaliblər AVİF və Gənclər və İdman Nazirliyinin diplom və mükafatları ilə təltif olunacaqlar.