Synergy Baku Cycling Project 2014-cü il mövsümünün hazırlığına başlayıb
14 dekabr 2013 13:44
Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku” yeni mövsümə hazırlıq üçün İspaniyanın Kalpe şəhərini seçib. Azerisprt.az xəbər verir ki, komandaya yeni qoşulmuş velosipedçilər hər gün saatlarla məşq edir, bir-birləri ilə ünsiyyətdə olmaqla uyğunlaşma prosesi keçirlər.
Komandanın baş meneceri David Mcquaid deyib ki, kollektiv üzvləri arasında xoş əhval-ruhiyyə hökm sürür, üstəlik Meksikada keçirilən Dünya Kubokunda Avstraliya millisinin heyətində 2 qızıl medal əldə edən Lük Deyvisonun bu uğuru hamını sevindirib. Yeri gəlmişkən, Lük bazar ertəsi nahar edən komanda yoldaşlarının yanına getdikdə, onların alqışları ilə qarşılanıb.
“Mövsümə bu nəticə ilə başlamaq sözsüz ki, bizim üçün çox yaxşı haldır və ümid edirik ki, bu belə də davam edəcək. Biz bu ab-havanı komandada hər zaman saxlamağa çalışacağıq”, deyə David Mcquaid bildirib.
Komandanın idman direktoru Ceremi Hantın sözlərinə görə isə, hamının bir yerə toplaşaraq təlim-məşq prosesində iştirak etməsi olduqca müsbət haldır. Artıq “Synergy Baku” üzvlərinin 2014-cü ildəki yarışlarda istifadə edəcəkləri idman ləvazimatları da sifariş edilib və yaxın vaxtlarda velosipedçilərə çatdırılacaq.