Bremmyer "Tour de Langkawi"də fərqlənmək istəyir
2 yanvar 2014 20:40
Azərbaycanın ilk peşəkar velosiped komandası olan “Synergy Baku”nun irlandiyalı velosipedçisi yeni klubunun heyətində ilk yarışını böyük səbirsizliklə gözləyir. Azerisport.az xəbər verir ki, 28 yaşlı idmançı mövsümə Malaziyada keçiriləcək “Tour de Langkawi“ yarışı ilə start verəcək.
“5 illik fasilədən sonra mən yenidən Langkaviyə qayıdacam. Sonuncu dəfə oraya 23 yaşım olanda getmişdim. Artıq yarışın qaydalarında da dəyişiklik var. Indi tur 2 gün artıq davam edir“ – deyə Matt Bremmier bildirib.
Yeni komanda yoldaşları ilə Ispaniyanın Kalpe şəhərində təşkil olunmuş təlim-məşq toplantısında görüşən “Synergy Baku”nun üzvü “Tour de Langkawi“yə yüksək idman formasında yollanmaq istəyir: “Tam formaya düşmək üçün mənə 1-2 yürüş kifayət edəcək. Əsas istəyim mövsümün əvvəlindən medallar uğrunda mübarizəyə qoşulmaqdır. Odur ki, əldə edəcəyim hər bir şansdan maksimum yararlanmalıyam“.
Qeyd edək ki, fevralın 27-də start götürəcək “Tour de Langkawi“ 10 mərhələdən ibarətdir. Bu müddət ərzində iştirakçılar 1506 km məsafə qət edəcəklər.