Maykl Şvayzer: İstəyimiz Azərbaycan velosipedini dünya səviyyəsinə qaldırmaqdır
6 fevral 2014 15:00

Yeni Zelandiyada keçirilən “Cycle Classic” veloyürüşündə ən yaxşı sprinter kimi “yaşıl mayka”ya layiq görülən “Synergy Baku”nun almaniyalı üzvü Maykl Şvayzer qələbə təəssüratlarını bölüşüb. Azerisport.az Şvayzerin fikirlərini diqqətinizə çatdırır:
“Mövsümə uğurla başladığım üçün çox xoşbəxtəm. Yarış öncəsi bütün yolları analiz edərkən məlum oldu ki, burada “yaşıl mayka”nı əldə etmək üçün hər mərhələdə sprint bölümü var. Turun ikinci günündə cəhdim kifayət qədər uğurlu alındı. Mən Kristofun arxasınca hərəkət edirdim və o məni müəyyən mərhələyə qədər apardı. Qalan iş isə öz üzərimə düşdü və mən ilk 3 xalımı əldə etdim. Növbəti günlər də hadisələr mən istəyən məcrada davam etdi. Belə ki, sprintdən öncə 2 velosipedçi qrupdan aralandı və mən hər gün daha 1 xal qazandım. Axırıncı gün 3 nəfər qrupdan aralansa da, onlardan heç biri xal əldə edə bilmədi və mən başa düşdüm ki “yaşıl mayka” artıq mənimdir. “Synergy Baku”nun bir hissəsi olmaqdan çox məmnunam. Biz bir komanda olaraq çalışırıq və istəyimiz Azərbaycan velosipedini dünya səviyyəsinə qaldırmaqdır.
(AVİF)