Tayvan turu başa çatdı, Synergy Bakunun yürüşçüsü 6-cı oldu
13 mart 2014 13:22

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) 2.1 kateqoriyalı “Tayvan turu”nda çıxışını başa vurublar. Azerisport.az xəbər verir ki, 5 günlük yürüşün bu gün keçirilən sonuncu mərhələsində iştirakçılar 168 km məsafə qət ediblər.
Komanda üzvlərimizdən 4 nəfər - Kristof Şvayzer, Yan Sokol, Markus Eybeger və Aqşin İsmayılov finiş xəttini eyni vaxtda (3 saat, 55 dəqiqə, 27 saniyə) keçən pelotonun tərkibində olublar. Fotofinişə əsasən Şvayzer 6-cı, Sokol 12-ci, Eybeger 22-ci, İsmayılov isə 33-cü nəticə göstərib. Samir Cəbrayılov komanda yoldaşlarından 13 saniyə geri qalıb. Bu nəticə ilə “Synergy Baku” 5-ci mərhələdə 20 komanda arasında 2-ci olub.
5 mərhələnin yekununa əsasən, təmsilçilərimiz arasında ən yüksək göstəriciyə Makrus Eybeger imza atıb. O, yürüş qalibinə cəmi 11 saniyə uduzmaqla 6-cı yeri tutub. Komanda hesabında isə “Synergy Baku” yürüşün 20 iştirakçısı arasında 10-cu yeri tutub.
(AVİF mətbuat xidməti)