Açıq Bakı Kriterium yarışı başa çatdı
16 mart 2014 23:33

Velosiped idmanı üzrə Açıq Bakı Kriterium yarışının birinci mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən Veloparkda təşkil olunan yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-ə yaxın idmançısı iştirak edib.
Yarışın 2-ci günü U-15 və U-17 yaş qrupları üzrə velosipedçilər nəyə qadir olduqlarını nümayiş etdiriblər. Nəticələrə gəlincə, 15 yaşa qədər idmançılar arasında Qadir Mustafayev bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutub. Xankişi İsgəndərov 2-ci, Maqsud Həsənov 3-cü olub. 17 yaşadək velosipedçilərin mübarizəsində isə Bakir Dadaşov hamıdan yaxşı çıxış edib. Sonrakı 2 yeri Mikayıl Səfərli və Maksim Naperstkov tutub.
Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və pul mükafati ilə təltif ediliblər.
(AVİF mətbuat xidməti)