Mountain bike üzrə Federasiya Kuboku uğrunda yarış keçirilib
26 mart 2014 17:00

Azərbaycan Velosiped idmanı federasiyasının illik təqvim-planına əsasən, bu gün mountain bike (dağ velosipedi) üzrə Açıq Federasiya Kuboku yarışı keçirilib. Azerisport.az xəbər verir ki, turnir gələn il Azərbaycanın qəbul edəcəyi ilk Avropa Oyunlarının mountain bike yarışlarının keçirilməsi nəzərdə tutulmuş ərazidə baş tutub.
Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil olunan yarışda 30-a yaxın idmançı iştirak edib. Onlar hər biri 3,5 km-dən ibarət 4 dövrədə mübarizə aparıblar.
Nəticələrə gəlincə, "Synergy Baku" kontinental velosiped komandasının üzvü, özünü mountain bike yarışlarında sınayan Aqşin İsmayılov bu növdə də bacarıqlı olduğunu sübut edib. O bütün rəqiblərini qabaqlamaqla Federasiya Kubokunun qalibi olub. 2-ci yeri Aqşin Bağırlı, 3-cü yeri isə Orxan Məmmədov tutub. Qaliblər Azərbaycan Velosiped idmanı federasiyası tərəfindən medal və pul mükafatı ilə təltif ediliblər.
(AVİF mətbuat xidməti)