Synergy Baku Soçi Qran-Prisində
2 aprel 2014 12:40

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Rusiyanın Soçi şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yürüşündə mübarizəyə başlayıb. Azerisport.az xəbər verir ki, aprelin 1-dən 6-dək davam edəcək yarış üçün heyətə 6 velosipedçi - Aqşin İsmayılov, Elçin Əsədov, Məhəmməd Ələkbərov, Samir Cəbrayılov, Tural İsgəndərov və Aleksandr Surotkoviç daxil edilib.
Yarışın 1-ci mərhələsində velosipedçilərimizdən ən yaxşı nəticəyə Aleksandr Surotkoviçlə Samir Cəbrayılov imza atıb – onlar mərhələ qalibindən 4 dəqiqə, 26 saniyə geri qalmaqla müvafiq olaraq 11 və 18-ci yeri tutublar.
“Synergy Baku”nun baş meneceri David McQuaidın sözlərinə görə, heyətdəki 6 velosipedçidən beşinin Azərbaycanın Elit və U-23 milli komandalarının üzvü olması gələcəyə hesablanmış addımdır: “Bizim Avropa Turları ilə bağlı xüsusi hazırlıq planımız var. Bunun əsas səbəbi isə azərbaycanlı velosipedçilərin Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasını təmin etməkdir. Çünki, Azərbaycan yığma komandasının üzvləri məhz bu yarışlarda UCİ xalları yığmaqla olimpiadada iştirak hüququna yiyələnə bilərlər. Düzdür, Yay Olimpiya Oyunları üçün seçmə yarışlar hələ başlamayıb, amma komandanın bir yerdə olması və Avropa yürüşlərinin həyəcanını bir yerdə hiss etməsi çox önəmlidir”.
Soçi Qran-Prisindən sonra heyətində azərbaycanlı velosipedçilərin olduğu “Synergy Baku” Rusiyada daha bir yarışda – Adıgey Qran-Prisində iştirak edəcək. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev "Synergy Baku"nun qarşıdakı yarışlarda uğurlu çıxışına ümid etdiyini bildirib:
"Synergy Baku"nun heyətindəki velosipedçilərimizin öz ustalıq səviyyələrini günü-gündən artırdığı heç kimə sirr deyil. Bu isə onların Azərbaycan milli komandasının heyətində də çıxışlarına öz müsbət təsirini göstərəcək. Soçi və Adıgey Qran-Prilərinin onlar üçün yaxşı təcrübə olacağına inanıram. Üstəlik, milli komanda üzvlərimizin hamısının bir yerdə olması onların vahid bir komanda kimi formalaşmasına böyük təsir göstərəcək. Azərbaycanın İstedadlı Velosipedçilər Proqramına uyğun olaraq gələcəkdə də bir neçə velosipedçimizin "Synergy Baku"da yer alacağına inamımız böyükdür. Bir sözlə, "Synergy Baku" bizim milli velosipedçilərimiz üçün böyük bir məktəb və təcrübədir”.
(AVİF mətbuat xidməti)