Synergy Bakunun Fransada möhtəşəm uğuru
29 aprel 2014 00:40

Fransada Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour de Bretagne” yürüşünün 4-cü mərhələsi Synergy Baku üçün möhtəşəm nailiyyətlə yadda qalıb. Azerisport.az xəbər verir ki, 22 komandanın mübarizə apardığı yarışın 189 km-lik bu bölümü komandamızın üzvü Markus Eybegerin parlaq qələbəsilə əlamətdar olub.
Təmsilçimiz məsafəni 4 saat, 53 dəqiqə, 30 saniyəyə başa vurmaqla bütün rəqiblərini qabaqlayıb və finişi birinci keçib. Bu nəticə Eybegerin ümumi sıralanmada irəliləməsinə də şərait yaradıb. Hazırda velosipedçimiz 4 mərhələnin yekununa əsasən 7-cidir.
Sabah keçiriləcək 5-ci mərhələdə iştirakçılar 169,9 km məsafə qət edəcəklər. Qeyd edək ki, Markus Eybeger mayın 7-11-də keçiriləcək “Tour d”Azerbaidjan-2014” veloyürüşündə də çıxış edəcək.