Tour d’Azerbaidjan-2014-də 4-cü mərhələ
10 may 2014 16:22

Bu gün 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun 4-cü mərhələsi keçirilib. Azerisport.az xəbər verir ki, yürüşün bu hissəsi saat 10:30-da Qəbələdən start götürüb və velosipedçilər İsmayıllını keçməklə Şamaxıya yürüş ediblər. Onlar 115 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.
Dünən olduğu kimi, bu dəfə də qalib CAR-ın “MTN Qhubeka” komandasının velosipedçisi olub – 2007-ci il “Tour de France” veloyürüşünün 7-ci mərhələsinin qalibi, almaniyalı Linus Gerdemann finişə hamıdan tez çatıb – 2 saat, 59 dəqiqə, 4 saniyə. O həm də mərhələnin ən yaxşı dağ velosipedçisi kimi qırmızı “AZAL” maykasına layiq görülüb.
Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin finişi liderin arxasınca keçib və 2-ci olub. Bu Zakarinə həm də ümumi təsnifatda liderliyə yüksəlməyə kömək edib və bununla da velosipedçi göy “SYNERGY GROUP” maykasını ələ keçirib. Ilk üçlüyü Ukraynanın “Kolss” komandasının velosipedçisi Vitali Buts tamamlayıb – o mərhələ qalibinə 1 dəqiqə, 55 saniyə uduzub.
Yeri gəlmişkən, ukraynalı velosipedçi 4-cü mərhələnin ən yaxşı sprinteri kimi yaşıl “SOCAR” köynəyinə layiq görülüb. Ən yaxşı gəncə verilən ağ-bənövşəyi “ATAHOLDİNG” köynəyinin də sahibi dəyişməz qalıb. Burada liderlik isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) məxsusdur.
“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı göstəriciyə Markus Eybeger imza atıb – o 3 saat, 2 dəqiqə, 48 saniyə nəticə ilə 28-ci olub.
“Sevinirəm ki, hər şey plan üzrə getdi. Bəlkə də vaxtından əvvəl irəli atıldım. Amma hər şey alındı və mərhələnin qalibi oldum”. 4-cü mərhələdə qələbə qazanan Linus Gerdemanın sözlərinə görə, zədəsi olmasına baxmayaraq, qələbə qazanmağı bacarıb: “Planım birinci yoxuşda irəli atılmaq idi. Amma elə oldu ki, liderlər qrupu daha tez sıçrayış etdi. Yürüş çətin və sürətli keçdi. Mənim bir az çətinliyim vardı. Amma bu dəfə hər şey mənim üçün alındı. Ardınca İlnurla bir-birimizi əvəzləyərək finişə yetişdik. Mövsümdə ilk qələbəmi qazandığım üçün xoşbəxtəm. “Tour d’Azerbaidjan”ı çox yüksək qiymətləndirirəm və bu qalibiyyətin karyeramda mühüm yeri olacaq”.
“Tour d’Azerbaidjan-2014” vüloyürüşünə sabah yekun vurulacaq. Iştirakçılar saat 09.00-da Azadlıq Meydanından start götürməklə şəhər küçələri ilə 6 dövrə vuracaqlar və ümumilikdə 202 km məsafə qət edəcəklər.
(AVİF mətbuat xidməti)