Markus Eybeger Avstriyada 3-cü oldu
15 iyun 2014 23:23

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Avstriyada keçirilən 1 günlük “Judendorf” Qran-Prisində iştirak edib. Azerisport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə komandamızın heyətində Samir Cəbrayılov, Tural İsgəndərov, Aleksandr Surutkoviç, Yan Sokol, Markus Eybeger, Maksim Averin və Konnor McConvey mübarizə aparıblar.
174 km-lik yürüş velosipedçilərimizin uğurlu komanda çıxışı ilə yadda qalıb. Məhz bu amil fəxri kürsüdə “Synergy Baku” komandasının üzvünün də yer almasına şərait yaradıb. Belə ki, Markus Eybeger finiş xəttini qalibdən 7 saniyə gec keçməklə 3-cü yeri tutub.
“Judendorf” Qran-Prisində ümumilikdə 13 komandanın tərkibində 131 velosipedçi mübarizə aparıb. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.
(AVİF mətbuat xidməti)