Əsədov DÇ-də mübarizəyə başlayır

İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, planetin ən güclülərinin mübarizə apardığı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə təmsil olunur.
Bu gün Elit yaş qrupunda çıxış edən velosipedçilər fərdi ötüşmədə (time trial) ən güclüləri müəyyənləşdirəcəklər. 64 velosipedçinin çıxış etdiyi bu qrupda Azərbaycanı iyunda keçirilən ölkə çempionatının qalibi, "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Elçin Əsədov təmsil edir. Mübarizəyə Bakı vaxtı ilə saat 16:30-da start veriləcək. Elçinin start xəttinə saat 16:44-də çıxması gözlənilir. Dünya çempionatının gedişi www.avif.az saytı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, artıq 3 idmançımız fərdi ötüşmədə qüvvəsini sınayıb - U-23 yaş qrupunda çıxış edən Tural İsgəndərov 55-ci, 18 yaşadək velosipedçilər arasında isə Elgün Əlizadə və Kənan Qəhrəmanlı müvafiq olaraq 64-cü və 66-cı olub.
Sentyabrın 26-da Tural İsgəndərov, Samir Cəbrayılov və Ənvər Asanovdan ibarət U-23 yığmamız, sentyabrın 27-də isə Elgün Əlizadə və Kənan Qəhrəmanlıdan ibarət gənclər yığmamız qrup ötüşməsində çıxış edəcəklər. (AVİF)