6-cı mərhələyə doğru 2-ci yerdə

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını davam etdirir. Azerisport.az xəbər verir ki, 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdi.
Bu gün keçirilən 5-ci mərhələdə iştirakçılar 129 km məsafə qət ediblər. 4-cü mərhələdə olduğu kimi, bu dəfə də velosipedçilərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb - o, finişi mərhələ qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 7-ci olub - 2 saat, 51 dəqiqə, 37 saniyə. Digər təmsilçilərimiz - Aleksandr Surutkoviç, Elçin Əsədov, İsmayıl İlyasov, Samir Cəbrayılov və Ənvər Asanov da mərhələni ilk pelotonda başa vurublar.
5 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: Samir Cəbrayılov 12-ci, Aleksandr Surutkoviç 15-ci, Maksim Averin isə 18-cidi.
Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov 4-cü pillədədir - o, liderə cəmi 13 saniyə uduzur. İsmayıl İlyasov 10-cu, Ənvər Asanov isə 13-cü yerdə qərarlaşır. Komanda hesabında "Synergy Baku" 2-ci yerdəki mövqeyini qoruyur. Sabah keçiriləcək 6-cı mərhələdə iştirakçılar 113 km məsafə qət etməlidilər.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudu. (AVİF)