Tour d'Azerbaidjan-2015-in vaxtı müəyyənləşdi
Beynəlxalq Velosipedçilər İttifaqının 2015-ci il üçün təqvim-planına əsasən, 2.1 kateqoriyalı “Tour d'Azerbaidjan-2015” 5 günlük veloyürüşü may ayının 6-da start götürüb, mayın 10-da – xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günündə yekunlaşacaq. Azerisport.az xəbər verir ki, veloyürüşün marşrutunda bəzi dəyişikliklərin edilməsi də nəzərdə tutulur.
Belə ki, bu dəfə veloyürüşün 4-cü mərhələsinin Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir marşrutu ilə keçirilməsi barədə müzakirələr aparılır. Bu isə gələn il Azərbaycanın ev sahibliyi edəcəyi Bakı-2015 ilk Avropa Oyunları ilə bağlıdır. Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarının məhz Mingəçevirdə keçiriləcəyini nəzərə alan Azərbaycan Velosiped İdmanı Federasiyası bununla da Avropa Oyunlarının keçirilməsindən təxminən bir ay əvvəl dünya idman ictimaiyyətinin diqqətini ölkəmizin bu bölgəsinə çəkmək niyyətindədir.