AVİF qalibləri mükafatlandırdı

“Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda rəsm, heykəl və dekorativ sənət əsərləri üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, müsabiqə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı ilə birlikdə velosiped idmanının inkişafına töhfə vermək məqsədilə keçirilib.
İki ay öncə start verilən müsabiqəyə ümumilikdə 200-ə yaxın yaradıcı insan öz əsərini təqdim edib ki, onların da içərisində paytaxt sakinləri ilə yanaşı, respublikanın müxtəlif regionlarının təmsilçiləri də var. Ən yaxşı sənət əsərlərini isə Xalq Rəssamı Ağəli İbrahimovun başçılıq etdiyi münsiflər heyəti müəyyənləşdirib.
Qaliblərin adı "Park Bulvar" AVM-də təşkil edilən sərginin açılış mərasimində elan edilib. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, veteran və gənc velosipedçilər, həmçinin bədii yaradıcılığa həvəsi olan insanlar iştirak ediblər. Tədbirdə çıxış edənlər sərginin əhəmiyyətindən danışaraq qeyd ediblər ki, burada nümayiş olunan əl işləri sağlamlığı və idmanı özündə birləşdirir. O da vurğulanıb ki, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən ölkəmizdə ilk dəfə keçirilən bu sərgidəki əl işləri Heydər Əliyev Fondu tərəfindən xarici ölkələrdə keçiriləcək sərgilərdə nümayiş etdirilə bilər. Bu isə sağlam həyat tərzinin və idmanın təbliğində böyük rol oynayır.
Münsiflər heyətinin seçiminə əsasən 1-ci yerə Şəmsəddin Böyükdüzlünün əl işi layiq görülüb. Rahib Qarayev və Vüqar Ağayev isə öz yaradıcılıq işlərinə görə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Ən yaxşı 3 əsərin müəllifi müvafiq olaraq 500, 300 və 200 manat məbləğində pul mükafatı ilə təltif ediliblər. Bundan başqa, 20 əsərin müəllifi də həvəsləndirici mükafatlara layiq görülüb. Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Xalq Rəssamı Ağəli İbrahimov, Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri İsmayıl İsmayılov və Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin müdiri Ziyadxan Əliyev təqdim ediblər.
Qeyd edək ki, müsabiqəyə qəbul edilmiş ən yaxşı əsərlər dekabr ayının 31-dək "Park Bulvar" AVM-də sərgilənəcək.