"Uğur əldə etmək üçün heç də ölkə xaricində toplanış keçmək şərt deyil"

“Tour d’Azerbaijan-2016”nın 2-ci mərhələsində “Synergy Baku”nun üzvü Maksim Averin qalib gəldi. Yığmamızın üzvü Olimpiadaya lisenziya qazanan ilk yerli velosipedçidir. Maksimin atası, yığmamızın baş məşqçisi Aleksandr Averin azerisport.az saytına müsahibəsində oğlunun Rio-2016 şanslarından, ölkəmizdə velosiped idmanının inkişafından danışıb.
- “Synergy Baku”nun çıxışı haqda nə deyə bilərsiz?
- Bunu qiymətləndirmək üçün geriyə boylanmaq lazımdır. Apreldə “Tour d’Croatia”da “Synergy Baku” həm fərdi, həm də komanda yarışında birinci yeri tutdu. “Synergy Baku” bununla sübut etmişdi ki, əsl komandadır. Xorvatiyaya getməzdə əvvəl Maksimlə Bakıda 10 gün məşq etdim. Mən həmişə demişəm ki, uğur əldə etmək üçün heç də ölkə xaricində toplanış keçmək şərt deyil. Əsas odu ki, idmançı düzgün məşq etsin. Məşqçi idmançının vəziyyətini dəqiq qiymətləndirsə,doğru istiqamət verə bilir. 3 hazırlıq prosesindən keçdik. Bizim zamanımızda məşq kilometrə görə hesablanırdısa, indi saata görə müəyyənləşir. Məsələn, oğlum mənə deyirdi ki, bu gün 6 saat məşq etməliyik. Biz avtomobillə onu izləyirdik. Bu müddət ərzində 160-170 kilometr qət edirdi. Bu qədər yüklənmə fonuda idmançıların özlərini itirməməsi çox yaxşıdır. Təsadüfi deyil ki, Maksim “Tour d’Croatia”da ən yaxşı dağ velosipedçisi olmuşdu.
- Oğlunuzun İsmayıllıda finişi birinci keçməsi sizi təəccübləndirmədi?
- Ötən il Bakı – İsmayıllı marşrutunu 4-cü pillədə başa vurmuşdu. Ancaq bu dəfə 7 kq çəki atmışdı. Bəlkə də bu üzdən üzü yuxarı marşrutda ayağında güc qalmışdı. Nəticədə 2-ci mərhələnin qalibi oldu.
- Yaxın gələcəkdə “Synergy Baku”da daha çox yığma üzvünün yer alması mümkündür? Yoxsa bunun üçün hələ bir neçə il gözləməliyik?
- Samir Cəbrayılov “Tour d’Croatia”da komandanın heyətində yer almışdı. İlk iki mərhələdə heç də pis çıxış eləmədi. Ancaq gənc olduğu üçün hələ uzun marşrutda yüksək nəticə göstərəcək səviyyədə deyil. Hələ bir qədər peşəkarlıq çatmır. Bu idman növündə vacib amillərdən biri oldu ki, püxtələşəsən, böyük təcrübə qazanasan. Hansısa klubun heyətinə ən güclü velosipedçiləri yığmaq mümkün deyil. Heyətdə kimlərsə nisbətən zəif olmalıdı. Məşqçinin üzərinə düşən iş odu ki, zəifə uyğun vəzifə, köməkçi rolu versin. Məhz belədə əsl komanda işi ortaya çıxır.
- Maksim Olimpiadaya lisenziya qazanıb. Medal qazanmaq şansı var?
- Şans həmişə var. Kim deyərdi ki, London Olimpiadasında Qazaxıstanı təmsil edən Aleksandr Vinokurov qızıl medal qazanacaq? O, 38 yaşında bu uğura imza atdı. Kimin maliyyə imkanı daha böyükdüsə, onun medal əldə etmək şansları da daha yüksəkdi. Çünki maliyyə problemi yaşamayan velosipedçi yüksək səviyyəli təlim-məşq toplanışı keçə bilir. Əvvəllər Olimpiadalarda həvəskar velosipedçilər də iştirak edirdisə, indi yalnız peşəkar qüvvəsini sınayır. Düzdü, bu, heç də əsas deyil. Olimpiya Oyunlarında hər kəs medal qazana bilər.
- Oğlunuzun Rio-2016-ya hazırlıq planı necədir?
- Onun şəxsi məşqçisi var. Buna görə həmin mütəxəssisə pul ödəyir. O hazırlıq planını heç mənə göstərmir. Maksim məşqlərə çox ciddi köklənib. Velosipedçilər Olimpiadada 200 km şəhər ətrafında məsafə qət etdikdən sonra Rio de Janeyroda hər biri 22 km-dən ibarət olan dövrə vururlar. Marşrut daxilində 8-12 dərəcəli yüksəkliyə doğru hərəkət də var. Maksim məşqlər zamanı velosipedinin ön təkərinə xüsusi cihaz yerləşdirir. Həmin cihaz vasitəsiylə vattla hesab aparılır və buda imkan verir ki, Olimpiada marşrutu üçün göstəricilərini modelləşdirsin. Bu yolla harda necə hərəkət etməli olduğunu müəyyənləşdirir.
- Oğlunuzun əsas çatışmazlığı nədən ibarətdi?
- Sadəcə, daha çox yarışda qələbə qazanmaqdı (gülür). Velosiped idmanında vəziyyət belədi ki, dağlıq ərazidə yaxşı sürənlər düzlük yerdə sprinter bacarığına sahib olmur. Və yaxud da əksinə. Ancaq Bredli Viqqins kimi nadir idmançılar da var. Britaniyalı velosipedçi Londonda trek üzrə olimpiya çempionu olduqdan sonra “Tour d’France”ın qalibi oldu. Bunun üçün 8-9 kq arıqlamışdı. Çəkini yarışlara görə nizamlamaq da vacib şərtdir. Amma hər kəs universal ola bilmir.
- Valideynləri velosipedçi olan övladın başqa idman növüylə məşğul olmaq şansı var idi?
- Biz həvəskar idik, amma o əsl peşəkardır. Biz onu bu idman növüylə məşğul olmağa məcbur etməmişik. Ancaq hər zaman velosiped idmanının ətrafında tutmuşuq. Uşaq yaşlarında bağ evimizə gedəndə hansısa təqaüdçünün velosipedlə hərəkət etdiyini görəndə onu keçməyə çalışırdı. Üzgüçülük və yüngül atletika ilə də məşğul olub. Məşqçiləri deyirdi ki, onsuz da Maksim valideynləri kimi velosipedçi olacaq. Cavab verirdim ki, bu, özünüzdən asılıdı. Maraq yarada bilsəz, bu idman növündə qalacaq. Amma vəziyyət elə gətirdi ki, Maksim valideynlərinin yolunu getmək qərarına gəldi.
- 2012-dən velosiped idmanına diqqət və qayğı artırıldı. Buna qədər yetişən velosipedçilərin təməli düzgün qoyulmaya bilər. Ancaq şərait yaxşılaşandan sonra bu idman növüylə məşğul olanların daha düzgün yetişməsi realdır. Bu baxımdan yeniyetmə velosipedçiləri yaşca böyüklərdən daha perspektivli idmançı saya bilərik?
- Həm yeniyetmələrlə, həm də gənclərlə çalışıram. Noyabrın 27-dən özüm üçün gündəlik tutmuşam. Orda bütün perpektivli velosipedçilərin adlarını qeyd etmişəm. Onları nəzarətdə saxlayıram. Noyabrdan bu yana 6000 km qət edən yeniyetmələr var. Bəzi yaşca böyük velosipedçilər heç il ərzində bu qədər məsafəni başa vurmur.
- Bölgələrdə bu idman növünün inkişafı necə gedir? Hansı bölgədən daha çox perspektivli velosipedçi yetişməkdədi?
- Bakıda bu iş uğurla gedir. 16 məşqçi velosiped idmanının sirrlərini yeniyetmələrə öyrədir. İki ehtiyat olimpiya komandası var. Regionlarda yalnız Oğuzda və Sumqayıtda bir məşqçi var. Onları da tam peşəkar mütəxəssis saymaq olmaz. Bizim vaxtımızda Gəncədə və Sumqayıtda velosiped məktəbləri var idi. Dağlıq bölgələrdə bu idman növünü inkişaf etdirmək lazımdır. Çünki orda uşaqlar fiziki cəhətdən daha dözümlü olur. Qısa müddətə yaxşı nəticə verə bilərlər. Rəhbərlik bölgələrdə velosiped idmanının inkişafı üçün çox çalışır. Hətta müraciət etmişdim ki, məni buraxın, İsmayıllıda bir müddət çalışım. Amma məni buraxmadılar (gülür). Dedilər ki, bir az döz, İsmayıllıda velosiped zavodu işə düşsün, sonrasına baxarıq. Eşitdiyimə görə, artıq alıcılar da hazırdır. Minlərlə velosiped sifariş verənlər olub.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir