İqtisadçı Omiçkanı məğlub yola saldı (YENİLƏNİB)
13 noyabr 2012 21:39

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız 1/8 final mərhələsi çərçivəsində evdə Rusiya klubu ilə oyuna çıxıb.
Təmsilçimizin bu mərhələdəki rəqibi “Omiçka”dı. Komandamız Rusiya təmsilçisini doğma meydanda keçirilən ilk oyunda mütləq məğlub etməyə borclu idi. Əks halda “iqtisadçılar”ın mərhələ adlamaq şansları azala bilərdi. Görüşün ilk setini qonaqlar qazanıblar. Amma qalan setlərdə daha əzmkar çıxışı ilə yadda qalan təmsilçimiz qələbəyə sevinən tərəf olub.
Rəqib komandanın düşərgəsində Azərbaycan yığmasının üzvü Natalya Məmmədovanın yer alması bu görüşə marağı artıran məqamlardan idi. Hansı ki, “Omiçka”nın zərbə qüvvəsi məhz millimizin voleybolçusu hesab olunur.
Maraq üçün xatırladaq ki, "İqtisadçı" 1/16 final mərhələsində Hollandiyanın “Sliedrecht” klubunu mübarizədən kənarlaşdırmışdı. “Omiçka” isə əvvəlki turda Bosniyanın “Yedinstvo” klubundan güclü olub.
CEV kuboku
1/8 final (ilk oyun)
13 noyabr
İQTİSADÇI – OMİÇKA - 3:1 (22:25, 25:11, 25:20, 25:17)