Azərreyl Polşa klubundan güclü oldu (YENİLƏNİB)
14 noyabr 2012 19:54

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə üçüncü oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız qrup mərhələsi çərçivəsindəki növbəti matçını evdə Polşa klubuna qarşı keçirib.
Təmsilçimizin bu dəfəki rəqibi “Tauron” idi. Komandamız bu rəqibini doğma divarlar arasında – Azərbaycan Voleybol Mərkəzində qəbul etdiyindən, görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdi. Qarşılaşma komandamız üçün yaxşı başlamayıb. Amma ilk setdə məğlub olan təmsilçimiz növbəti setlərdə qalib gələrək, əzmkar qələbəyə sevinib.
Xatırladaq ki, “Azərreyl” ilk oyununu evdə “Dresdner”ə (Almaniya) qarşı keçirmiş və qələbə qazanmışdı – 3:1. “Eczaçıbaşı” (Türkiyə) ilə səfərdəki qarşılaşma isə 0:3 hesablı yenilgi ilə bitmişdi. “Tauron”a gəlincə, bu komanda “Eczaçıbaşı”ya 1:3, “Dresdner”ə isə 2:3 hesabıyla uduzmuşdu.
"Azərreyl"in qrupunda bu gün həmçinin “Dresdner” “Eczaçıbaşı”nı qəbul edəcək.
Çempionlar Liqası
D qrupu
14 noyabr
AZƏRREYL - TAURON - 3:1 (22:25, 25:12, 25:20, 25:17)
Bakı. Azərbaycan Voleybol Mərkəzi.
Qrupdakı son durum: Eczaçıbaşı - 6, Azərreyl - 6, Dresdner – 2, Tauron, - 1.