Bakı-Azəryol qızıl setdə qalib gəlib 1/4 finala çıxdı (YENİLƏNİB)
20 noyabr 2012 20:27

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı-Azəryol” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız 1/8 final mərhələsi çərçivəsində evdə Almaniya klubu ilə qarşılaşıb.
Təmsilçimizin bu mərhələdəki rəqibi “Rote Raben” idi. Komandamız mərhələ adlamaq üçün ilk növbədə görüşün əsas vaxtını qalib başa vurmalı, sonda isə qızıl setdə qələbə qazanmalıydı. Çünki "Bakı-Azəryol" səfərdə keçirilən ilk oyundan məğlubiyyətlə qayıtmışdı – 1:3.
Bakıdakı görüşdə isə təmsilçimiz qalib gəlməyi bacarıb. Düzdü, əsas vaxtda əldə olunan qələbə çətinliklə başa gəlib - 3:2. Belədə, cütün taleyini həll etmək üçün "qızıl set"ə ehtiyac duyulub. Həlledici setdə daha inamlı çıxış edən "Bakı-Azəryol" rəqibini məğlub edərək, 1/4 finala çıxıb.
Xatırladaq ki, "Bakı-Azəryol" 1/16 finalda Sloveniya klubu “Nova Branik”i çətinliklə də olsa, mübarizədən kənarlaşdırmışdı. “Rote Raben” isə Albaniya “Minatori”sindən güclü olmuşdu.
CEV kuboku
1/8 final (cavab oyunu)
20 noyabr
BAKI-AZƏRYOL - ROTE RABEN - 3:2 (21:25, 25:18, 25:20, 16:25, 15:7) (Qızıl set - 15:10)
Bakı. Azərbaycan Voleybol Mərkəzi.