Rusiya klubu Azərbaycan derbisinin baş tutmasına imkan vermədi (YENİLƏNİB)
21 noyabr 2012 18:06

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız 1/8 final mərhələsi çərçivəsində səfərdə Rusiya klubu ilə oyuna çıxıb.
Təmsilçimizin bu mərhələdəki rəqibi “Omiçka” idi. Komandamız Rusiya təmsilçisini doğma meydanda keçirilən ilk oyunda 3:1 hesabıyla məğlub etmişdi. İndi mərhələ adlamaq üçün səfərdə də eyni uğuru təkrarlamaq lazım idi. Lakin təəssüf ki, voleybolçularımız bu çətin vəzifənin öhdəsindən gələ bilməyiblər. Öncə əsas vaxtda, ardından qızıl setdə uduzan təmsilçimiz CEV Kuboku ilə vidalaşıb.
Rəqib komandanın düşərgəsində Azərbaycan yığmasının üzvü Natalya Məmmədovanın yer alması bu görüşə marağı artıran məqamlardan idi. Hansı ki, “Omiçka”nın zərbə qüvvəsi məhz millimizin voleybolçusu hesab olunur.
Maraq üçün xatırladaq ki, "İqtisadçı" 1/16 final mərhələsində Hollandiyanın “Sliedrecht” klubunu mübarizədən kənarlaşdırmışdı. “Omiçka” isə əvvəlki turda Bosniyanın “Yedinstvo” klubundan güclü olmşdu.
Daha bir maraqlı məqam ondan ibarət idi ki, “İqtisadçı” mərhələ adlasaydı, 1/4 finalda digər Azərbaycan klubu “Bakı-Azəryol”la üz-üzə gələcəkdi. Lakin "Bakı-Azəryol" növbəti mərhələdə Rusiya klubu ilə üz-üzə gələcək və "İqtisadçı"nın qisasını almağa çalışacaq.
CEV kuboku
1/8 final (cavab oyunu)
21 noyabr
OMİÇKA - İQTİSADÇI - 3:1 (25:16, 25:18, 20:25, 25:13) (Qızıl set - 15:8)