Avropada yeni Azərbaycan derbisi baş tuta bilər
21 noyabr 2012 00:34

Qadın voleybolçulardan ibarət klublar arasında CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə Azərbaycan derbisi baş tuta bilər. Azerisport.az xəbər verir ki, sözügedən qitə miqyaslı turnirin 1/4 finalında iki təmsilçimizin üz-üzə gəlmək ehtimalı yaranıb.
Məsələ burasındadı ki, CEV kubokunun cari mövsümündəki iki Azərbaycan klubundan biri – “Bakı-Azəryol” artıq 1/4 finaldadı. Paytaxt təmsilçisi 1/8 finalda Almaniyanın “Rote Raben” klubu ilə mübarizə aparırdı. "Bakı-Azəryol" səfərdə keçirilən ilk oyundan məğlubiyyətlə qayıtmışdı – 1:3. Bu üzdən də komandamız Bakıdakı cavab matçında mərhələ adlamaq üçün ilk növbədə görüşün əsas vaxtını qalib başa vurmalı, sonda isə qızıl setdə qələbə qazanmalıydı. Gözlənildiyi kimi, təmsilçimiz bu çətin vəzifənin öhdəsindən layiqincə gəldi və 1/4 finala çıxdı.
İndi "Bakı-Azəryol" 1/4 finaldakı rəqibini gözləyir. Komandamızın potensial rəqiblərindən biri isə məhz Azərbaycanın bu turnirdəki digər təmsilçisi “İqtisadçı”dı. Qeyd edək ki, “İqtisadçı” hələ 1/4 finala çıxmayıb. Bu komandamız 1/8 finalda Rusiyanın “Omiçka” klubu ilə mübarizə aparır. Tərəflərin Bakıda baş tutan ilk oyununda qələbəni Azərbaycan klubu bayram etmişdi – 3:1. İndi təmsilçimiz Rusiyada baş tutacaq və bu gün keçiriləcək cavab görüşündə də eyni uğuru təkrarlamaq məcburiyyətindədi. Belə olan halda “iqtisadçılar” 1/4 finalda məhz “Bakı-Azəryol”la qarşılaşmaq imkanı əldə edəcək. Əks halda isə “Bakı-Azəryol” “İqtisadçı”nın qisasını almaq məcburiyyətində qalacaq.