Bakı-Azəryol Rusiyadan məğlub qayıdır (YENİLƏNİB)
6 dekabr 2012 18:05

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı-Azəryol” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız 1/4 final mərhələsi çərçivəsində səfərdə Rusiya klubu ilə qarşılaşıb.
Təmsilçimizin bu mərhələdəki rəqibi “Omiçka”dı. Hansı ki, heyətində Azərbaycan millisinin üzvü Natalya Məmmədova da çıxış edir. Bu, görüşə marağı daha da artırırdı. Meydan sahibləri qarşılaşmanın favoriti olsa da, komandamızdan da sürpriz gözləyənlər vardı. Amma təəssüf ki, təmsilçimizin gücü yalnız bir setdə qalib gəlməyə çatıb.
Xatırladaq ki, "Bakı-Azəryol" 1/16 finalda Sloveniya klubu “Nova Branik”i çətinliklə də olsa, mübarizədən kənarlaşdırmışdı. 1/8 finalda isə Almaniyanın “Rote Raben” klubu komandamızın növbəti qurbanı olmuşdu. “Omiçka” isə öncə “Jedinstvo”nu (Bosniya və Herseqovina), ardından da Azərbaycanın “İqtisadçı” klubunu mübarizədən kənarlaşdırıb. Məhz bu üzdən sözügedən görüş “Bakı-Azəryol” üçün həm də “iqtisadçılar”ın qisasını almaq baxımından önəmliydi. Ümid edək ki, bu qisası Bakıda baş tutacaq cavab görüşündə ala biləcəyik.
CEV kuboku
1/4 final (ilk oyun)
6 dekabr
OMİÇKA - BAKI-AZƏRYOL - 3:1 (25:17, 20:25, 25:20, 25:12)